Şəkidə «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın rok qrupunun konserti böyük maraqla qarşılanmışdır

 

İyunun 29-da Şəki şəhərindəki Azadlıq meydanında "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın "Filligar" rok-qrupunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, festivala dəvət almış qonaqların, rok musiqisi həvəskarlarının, şəhər sakinlərinin iştirak etdikləri konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat vermişdir.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırmışdır.

Məlumat verilmişdir ki, "Filligar" Amerikada son illərin ən yaxşı gənc rok qruplarından sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları tərəfindən yaradılan bu qrup artıq 8 albomunu və 80 orijinal mahnısını rok musiqisini sevənlərə təqdim etmişdir. 2012-ci ildə qrupun sonuncu "The Nerve" albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən "İlin ən yaxşı albomu" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Qeyd olunmuşdur ki, "Filligar" qrupunun musiqisi bir çox məşhur rok və pop musiqiçilərin və qrupların yaradıcılığından qaynaqlanmışdır. 2013-cü ildə "Filligar" qrupu dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri etmişdir.

Rok qrupunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

Azərbaycan.-2013.- 30 iyun.- S.7.